REGİONLAR
Tərtərdə sınaq məqsədilə ilk dəfə olaraq pambığın Yunanıstan və ABŞ sortları becərilir VİDEO
Tərtər, 12 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin ərazisində 2-si Yunanıstan, 2-si Amerika Birləşmiş Ştatları, 4-ü Türkiyə və 4-ü Azərbaycan mənşəli olmaqla, ümumilikdə, 12 pambıq sortunun becərilməsi həyata keçirilir. Məqsəd xarici və yerli pambıq sortlarının ənənəvi becərmə şəraitində müqayisəli qiymətləndirilməsidir.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisi Bayram Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təcrübə sahəsində səpinqabağı torpaq becərmə işləri yüksək səviyyədə həyata keçirilib və çiyid səpini Yunanıstanın “Bios Agrosystems” şirkətinin mütəxəssislərinin iştirakı ilə 5-6 may tarixlərində aparılıb. Məqsəd məhsuldarlıq, vegetasiya müddəti, yerli iqlim şəraitinə dözümlülük göstəricilərinə görə fərqlənən sortları seçmək, müvafiq seleksiya işi aparmaqla həmin sortların lif keyfiyyətini artırmaq və nəhayət yerli toxumçuluğun təşkilinə nail olmaqdır.
Regional Aqrar Elm və İnnovasiya Mərkəzində daha bir təcrübə baramaçılıq sahəsində aparılır. Çin Xalq Respublikasından əvvəlki illərdə gətirilərək əkilmiş tinglərin budanmasından əldə olunmuş zoğlardan istifadə edilərək 1 hektarda tingçilik təsərrüfatı yaradılıb. Mərkəzin mütəxəssisi Fəxrəddin İsmayılov deyib ki, tut tingi əkiləcək sahəyə üzvi və mineral gübrələr verilərək şum aparılıb, tirələr düzəldilib. Alaq otlarının inkişaf etməməsi və torpaqda nəmliyin qorunması üçün tirələrin üzəri qara rəngli polietilenlə örtülüb. Zoğlar 1 hektarda 25 min ədəd olmaqla, tirələrin üzərinə basdırılıb. Birinci ildə köklənmiş tinglər növbəti illərdə sahələrə köçürülə və yeni bağlar salına bilər.