REGİONLAR


Tərtərdə ulu öndər Heydər Əliyevin 99-cu ildönümü münasibətilə ədəbi-bədii gecə keçirilib

Tərtər, 7 may, AZƏRTAC

Tərtər rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ədəbi-bədii gecə keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, şəhid ailələri, qazilər, mədəniyyət, təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tarixə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və Azərbaycana uğurla rəhbərlik etməsindən danışıb. Bildirib ki, xalqı, dövlət qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir. O, nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi.

Ulu öndər Heydər Əliyevin əməllərinin və amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını qeyd edərək, bu amalların xalqımızı tərəqqiyə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər olub. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Ulu Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib.

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxışında bildirib ki, tədbirlər planına uyğun olaraq mədəniyyət müəssisələrində dahi rəhbər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Tərtər rayon mədəniyyət müəssisələrində də müxtəlif tədbirlər, konsert proqramları, dəyirmi masalar, sərgilər və guşələr təşkil olunub.

Tədbirdə fləşmob, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir Tərtər rayon uşaq musiqi məktəbinin Xalq Çalğı Alətləri Orkestrinin və “Qarabağ bülbülləri” Xor kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.

Sonda mədəniyyət işçilərinə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.