REGİONLAR
Tərtərdə xüsusi karantin rejimini pozan şəxslər cərimələniblər
Tərtər, 6 iyul, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə edilib, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərinin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.
Bundan əlavə, Tərtər RPŞ-nin və İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı yas mərasimində 6 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi də aşkar edilib və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunub.
Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.