REGİONLAR
Tərtərdə yetişdirilən ağac tingləri ölkəmizin bölgələrinə göndərilir VİDEO
Tərtər, 24 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub.
Tərtər rayonunda meyvə və dekorativ ağac tingləri həm özəl təsərrüfatlarda, həm də Kənd Təsərrüfatı Nazirliyinin “Tərtər Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də yetişdirilir. Burada yetişdirilən tinglər Tərtər və ətraf rayonların tələbatını ödəməklə yanaşı, Bakı şəhərində və respublikanın digər regionlarında, həmçinin Rusiya Federasiyasının Dağıstan Respublikasında da satılır.
MMC-nin aqronomu Etibar Hümbətov AZƏRTAC-a bildirib ki, müəssisənin təsərrüfatında respublikamızda mövcud olan milli genefona uyğun yerli ağac cinslərinin əksəriyyəti, həmçinin müxtəlif dekorativ və gül kolları yetişdirilir. Hər il satışa 20 min ədəddən çox ting çıxarılır.
Aqronom qeyd edib ki, təsərrüfatda əsasən göz calağından istifadə olunur. Bu üsulla calama zamanı tutma faizi yüksək olur. Calaq komponentləri yaxşı qovuşur, calaqvurma zamanı az qələm tələb olunur. Göz calağı Şərq xurmasında aprel ayında, digər ağaclarda isə avqust ayında vurulur. Hazırda calaqların polietilen sarğısı, həmçinin calanmış ağacların gözdən yuxarı hissəsi kəsilib atılır, tinglərin dibi yumşaldılır.
Qeyd edək ki, Tərtər rayonunda 1227,1 hektar meyvə bağları və 11,1 hektar üzümlüklər var. 2016-cı ildə 24,4 hektarda xurma, 12,1 hektarda fındıq, 5 hektarda alma, 2 hektarda ərik, 1,4 hektarda nar, 0,3 hektarda gilas, 0,3 hektarda alça bağları, 1 hektarda giləmeyvəlik salınıb. 1 milyon 461 min 300 ədəd meyvə və 136 min 920 ədəd dekorativ bitki tingi yetişdirilib.