REGİONLAR
Tərtərdəki hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib
Tərtər, 26 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Daim ordumuzla bir yerdə olan tərtərlilər 26 iyun- Silahlı Qüvvələr Gününü rayon ərazisindəki hərbi hissələrdə əsgər və zabitlərlə birgə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri və hərbi qulluqçular əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Müharibə veteranlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubu oxunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edən natiq bildirib ki, dahi rəhbər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almasını təmin edib.
Diqqətə çatdırılıb ki, 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başladı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun-Silahlı Qüvvələr Günü elan olundu. Son illərdə Prezident, Ali Baş komandan İlham Əliyevin diqqət və qayğısı ilə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətlənib. Ordumuzun maddi-texniki bazası möhkəmlənib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artıb.
Digər çıxış edənlər də Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altındakı bütün torpaqlarımızın azad olunacağına əminliklərini ifadə ediblər.
Sonra xidmətdə fərqlənən zabit və əsgərlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.