REGİONLAR
Tərtərdəki seçki məntəqələri səsvermə gününə hazır vəziyyətə gətirilib VİDEO
Tərtər, 21 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri 95 saylı Tərtər seçki dairəsində başa çatdırılıb.
Dairə seçki komissiyasının sədri Həmid Mehdiyev AZƏRTAC-a bildirib ki, 37 min 601 seçicinin qeydə alındığı 38 seçki məntəqəsinin hər biri səsvermə gününə tam hazır vəziyyətə gətirilib. Builki seçkilərdə dairə üzrə 644 nəfər gənc ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək. Seçicilərin 955 nəfəri 80-100 yaş arasında, 22 seçicinin yaşı isə 100-dən yuxarıdır. Seydimli kənd sakini 117 yaşlı Minə Əliyeva, Qaynaq kənd sakini 116 yaşlı Sədaqət Şirinova və Səhləbad kənd sakini 115 yaşlı Gövhər Almuradova rayonun ən yaşlı seçiciləridir.
DSK sədrinin sözlərinə görə, parlament seçkilərinin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb, seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə seminar və treninqlər təşkil olunub. Seçkilərin gedişini izləmək üçün 410 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Seçki dairəsinin digər məntəqələrində olduğu kimi, Tərtər şəhər mədəniyyət evinin binasında yerləşən 1 saylı məntəqədə də seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb.
Məntəqə seçki komissiyasının sədri Məzahir Cəfərov bildirib ki, dəqiqləşdirilmiş son siyahıya əsasən, 1401 seçici qeydə alınıb. Onlardan 19 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclərdir.
Zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunan məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə prosesini onlayn izləmək üçün veb-kamera quraşdırılıb, seçici siyahısı asılıb. Namizədlərin təşviqat plakatlarının bərabər səviyyədə yerləşdirilməsi üçün seçki məntəqələrinin yaxınlığına lövhələr quraşdırılıb.
Hazırda seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi davam etdirilir.