REGİONLAR


Tərtərin 5 məktəbində uşaq oyun meydançası istifadəyə verilib

Tərtər, 26 sentyabr, AZƏRTAC

Tərtər rayonunun Dəmirçilər, Cəmilli, Seydimli, Qazyan və Evoğlu kənd tam orta məktəblərində Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən uşaqlar üçün tikilən oyun meydançalarının açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Evoğlu kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər. Sonra rayonun Evoğlu kənd tam orta məktəblərində inşa edilmiş oyun meydançasının açılışı olub.

Tədbirdə çıxış edən Türk Qızıl Aypara Cəmiyyətinin baş katibi Yusuf Ramazan Sayğılı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev iki ölkənin dostluq münasibətlərindən danışıb, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildiriblər.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini və Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərini dilə gətirib, iki qardaş dövlət arasında hər zaman sıx dostluq əlaqələrinin olduğunu bildirib.

Türk qurumlarının Azərbaycanın fərqli bölgələrində müxtəlif layihələr həyata keçirdiyini deyən səfir məktəbliləri sevindirmək məqsədilə Türk Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Füzuli, Tərtər və Ağdam rayonlarında 16 uşaq oyun meydançası qurduğunu, burada uşaqların asudə vaxtlarını maraqlı keçirəcəyini deyib. Səfir açılışın xeyirli, uğurlu olmasını arzulayıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə tərtərlilər adından minnətdarlığını bildirib, Türkiyə-Azərbaycan dostluğunun əsrlərin sınağından keçdiyini, xalqlarımızın dini bir, dili bir dost, qardaş ölkə olduğunu qeyd edib.

Sonra uşaq oyun meydançası məktəblilərin istifadəsinə verilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.