REGİONLAR


Tərtərin Xoruzlu kəndində 432 şagird yerlik məktəb binası inşa edilir VİDEO

Tərtər, 4 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbi üçün 432 şagird yerlik yeni bina inşa edilir. Tikinti işləri Prezident İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.

AZƏRTAC-ın bölgə müxbiri Tərtər rayonunun Xoruzlu kəndinə gedərək, obyektdə aparılan inşaat işləri ilə maraqlanıb. Tikintidə sahə rəisi Nizami Həsənov bildirib ki, məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olacaq. Binanın ümumi tikinti sahəsi 2374 kvadratmetrdir. Dörd korpusdan ibarət yeni məktəb binasında sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, nasosxana, transformator yarımstansiyası, generator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, subartezian quyusu qazılacaq, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.

Hazırda binanın bütün korpuslarında beton və hörgü işləri görülür, su anbarlarının və hasarların tikintisi həyata keçirilir. Binanın inşasının bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisinə başlanılması kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Xoruzlu kənd tam orta məktəbinin direktoru Elşən Səfərov müxbirimizlə söhbətində bildirib ki, 1976-cı ildə inşa edilmiş binada tədris üçün şərait yaxşı deyildi. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Amma buna baxmayaraq, müəllim və şagird kollektivi çətin də olsa, təhsilini davam etdirirdi.

"Məktəbimiz üçün yeni binanın inşa edilməsi təhsilin səviyyəsinin yüksəlməsinə səbəb olacaq. Bunun üçün dövlətimizin başçısına müəllim və şagirdlər adından minnətdarlığımı bildirirəm. Biz müəllimlər yeni tikilmiş məktəb binasında tədrisin daha keyfiyyətli olmasına çalışacağıq. Əminik ki, bundan sonra təhsildə əldə etdiyimiz uğurlar daha da artacaq”, - deyə E.Səfərov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.