REGİONLAR


Tərtərli fermer: Dövlət dəstəyindən yararlanaraq işimizi düzgün qurmalıyıq FOTO

Tərtər, 19 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, fermer və torpaq mülkiyyətçiləri öz təsərrüfatlarını ilbəil genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını artıraraq, ölkəmizin ərzaq təhlükəsizliyinə töhfələrini verirlər.

Tərtər rayonunun cəbhə xəttində yerləşən Hüsənli kənd sakini Miri Rzayev də zəhmətsevərliyi və torpağa sevgisi sayəsində aqrar sahədə uğurlu nəticələrə nail olub. Fəaliyyətə başlayanda 18 hektar ərazisi olan fermer təsərrüfatı ildən-ilə əkin sahələrini artırıb. Hazırda 68 hektar sahəni əhatə edən təsərrüfatda əsasən strateji məhsullar - buğda, arpa, şəkər çuğunduru və pambıq istehsal edilir.

“Yüksək məhsul götürmək üçün torpağa sevgi ilə yanaşmaq, zəhmət çəkmək lazımdır”

Təsərrüfat rəhbəri Miri Rzayev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, cari ildə 33 hektarda buğda, 10 hektarda arpa becərərək yüksək məhsuldarlığa nail olub: "Yüksək məhsul götürmək üçün torpağa sevgi ilə yanaşmaq, zəhmət çəkmək lazımdır. Bütün uğurların əsasını bu iki amil təşkil edir. Hər şey torpağın əkinə hazırlanmasından başlayır. Torpaq vaxtında şumlanmalı, malalanmalı, peyin verilməlidir. Növbəli əkin sistemi tətbiq edilməli, becərmə zamanı suvarma, yemləmə gübrələrinin verilməsi, xəstəliklərlə, alaq otları ilə, zərərvericilərlə mübarizə tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilməlidir. Bu aqrotexniki qaydalara əməl etdiyimiz üçün buğda zəmilərinin hər hektarından orta hesabla 55 sentner, arpa sahələrindən isə 50 sentner məhsul götürdük. Təsərrüfatda istehsal olunan taxıl həm toxumluq kimi fermerlərə, həm də un məmulatları istehsalı üçün emal müəssisələrinə satılır".

Ən çox şəkər çuğunduru istehsalına görə bir ton şəkər

Miri Rzayev ölkəmizdə ən çox şəkər çuğunduru istehsal edən fermerlərdəndir. 2015-ci ildə 20 hektar sahədən 2200 ton məhsul götürən fermer respublika üzrə şəkər çuğunduru istehsalçıları arasında ən yüksək nəticə göstərib və İmişli Şəkər Zavodu tərəfindən bir ton şəkərlə mükafatlandırılıb. 2016-cı ildə isə 2100 ton şəkər çuğunduru istehsal edən fermer yüksək məhsuldarlığa nail olduğuna görə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və mükafata layiq görülüb. Cari ildə 24 hektarda şəkər çuğunduru becərilən təsərrüfatda artıq məhsul yığımına başlanılıb.

Miri Rzayev pambıq tarlalarından 50 sentner məhsul götürəcəyinə əmindir

Ölkəmizdə pambıqçılığa dövlət dəstəyindən bəhrələnən Tərtərli fermer bu il 7,7 hektarda çiyid səpini həyata keçirib. Aqrotexniki qaydada qulluq sahəsində yaxşı bitiş əldə edilib, tarlalarda bol məhsul yetişib. Yaxın günlərdə pambıq yığımına başlayacaqlarını deyən fermer hər hektardan 50 sentner məhsul götürəcəyinə əmindir.

Miri Rzayev əldə etdiyi uğurlara torpağa sevgi və zəhmətsevərlik sayəsində nail olduğunu bildirib. "İnsan zəhməti ilə yaşamalıdır. Uğur əldə etmək üçün zəhmətə daha çox qatlaşmaq lazımdır. Dövlət də lazımi dəstəyini göstərir. Biz fermerlər də bu dəstəkdən yararlanaraq işimizi düzgün qurmalıyıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.