REGİONLAR
Tərtərli gənclər rayonun ictimai-siyasi həyatında fəallıq göstərirlər
Tərtər, 2 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Gənclər Günü respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tərtərli gənclər və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə çiçək dəstələri qoyub, məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Mədəniyyət Mərkəzində keçirilən tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov və başqaları çıxış edərək, gəncləri bayram münasibəti ilə təbrik edib, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri uğurlardan danışıblar.
Çıxışlarda Tərtər şəhərində Gənclər Mərkəzinin, Uşaq-Gənclər Şahmat Məktəbinin, süni örtüklü idman meydançalarının tikilib istifadəyə verilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili üçün park və istirahət guşələrinin yaradılması, Olimpiya İdman Kompleksinin inşasına başlanılması gənclərə olan qayğının bariz nümunəsi kimi qiymətləndirilib. Bildirilib ki, bu gün rayonun və ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.
Məlumat verilib ki, rayon idmançıları ötən il beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliklərində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb.
Çıxış edən gənclər dövlətimizin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən razılıqlarını bildirib və onlara göstərilən etimadı şərəflə doğruldacaqlarını, Vətənimizin tərəqqisi, inkişafı naminə səylərini əsirgəməyəcəklərini bildiriblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə, xidmətdə fərqlənən əsgərlərə fəxri fərman və qiymətli hədiyyələr verilib. Tədbir konsert proqramı ilə davam etdirilib.