REGİONLAR
Tərtərli idmançılar ötən il yarışlarda 374 ədəd medal və diploma layiq görülüblər
Tərtər, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda idmanın futbol, voleybol, kikboksinq, şahmat, boks, sərbəst güləş növləri fəaliyyət göstərir. Rayonun uşaq, yeniyetmə və gəncləri 100 idman qurğusundan, kəndlərdə yerləşən 35 futbol meydançasından, Tərtər şəhəri ərazisində 3 mini futbol meydançasından, 2 trenajor zalından istifadə edirlər. Hazırda rayonda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. 2018-ci ildə rayon idmançıları beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 ədəd medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliyində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb. Bir nəfər məşqçi-müəllim "Əməkdar məşqçi" adına, bir nəfər gənc boksçu isə "İdman ustası" adına layiq görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə martın 5-də Tərtər şəhərində rayonun idman ictimaiyyəti ilə keçirilən görüşdə məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək gələcək yarışlarda uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan natiq diqqətə çatdırıb ki, 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Ölkəmizdə Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Tədbirdə Əməkdar məşqçi Faiq Məmmədov və digər çıxış edən idmançılar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar keçirilən futbol, voleybol, şahmat yarışlarının qaliblərinə diplomlar təqdim edilib.