Tərtərli kümçülər barama tədarükünə başlayıblar
AzerTAg.az
Tərtər, 6 iyun, AZƏRTAC
Tərtər rayonunda barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə kümçülərin yetişdirdikləri 950 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon kümçülərinə 330 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurdu bəslənməsində heç bir çətinlik çəkməyiblər. Yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından da istifadə edilib. Tərtər kümçüləri artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 13 tondan artıq barama istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, ipəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2021-ci illərdə Tərtər rayonunda 304,8 min ədəd tut tingi əkilib ki, onun da 133 min ədədi Çin Xalq Respublikasından gətirilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb. Rayonda 2016-cı ildə 1 ton, 2017-ci ildə 4,6 ton, 2018-ci ildə 10,2 ton, 2019-cu ildə 18,3 ton, 2020-ci ildə 12,1 ton, 2021-ci ildə 13,6 ton barama istehsal olunub.





Xəbərin mətnində orfoqrafik səhv var