REGİONLAR
Tərtərlilər 2017-ci ili uğurlu nəticələrlə yola salırlar
Tərtər, 28 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın hər bir guşəsində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı böyük sevinc və ruh yüksəkliyi ilə qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərinin mərkəzi meydanında keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, 2017-ci ildə qazanılan uğurlardan danışıb.
Bildirib ki, yola saldığımız ildə rayonun makroiqtisadi göstəriciləri yüksəlib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Tarix-Diyarşünaslıq Muzeyi, Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu istifadəyə verilib. 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində tikinti işləri başa çatıb. Tərtər şəhərində 48 ədəd çoxmərtəbəli yaşayış binasının fasad və giriş hissələri təmir olunub. Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır. Bu günlərdə şəhərin girişində Bayraq Muzeyinin inşasına başlanılıb. 2017-ci ildə aqrar sahədə də uğurlar əldə edilib, pambıqçılıq, baramaçılıq və şəkər çuğunduru istehsalında yüksək nəticələrə nail olunub.
Bayram tədbirində 2017-ci ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verilib.
Şaxta baba və Qar qız iştirakçılara Yeni il arzularını çatdırıb, uşaqlarla birgə rəqs ediblər. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaradıblar.