REGİONLAR


Tərtərlilər 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıblar

Tərtər, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 

Tərtər rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir Şəhidlər abidəsinin önündən başlanıb. Tərtərlilər və N saylı hərbi hissənin zabit və əsgərləri abidə-kompleksin önünə tər çiçəklər düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub. Tədbir iştirakçıları məktəblilərin faciəyə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər Mərkəzində davam edən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda həyata keçirilən qırğının səbəbləri və ağır nəticələri barədə ətraflı danışıb. Bildirib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası keçmiş Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınları və tibb işçiləri də atəşə məruz qalırdı. Qanlı hadisələr zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilmişdi.

Diqqətə çatdırılıb ki, belə bir ağır gündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də ulu öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Tədbirdə 20 Yanvar faciəsinin ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin və dama yarışının qaliblərinə diplomlar təqdim edilib.

Sonra iştirakçılar rayon mədəniyyət mərkəzinin hazırladığı “Tarixdə tarix tək qaldı gecə" adlı kompozisiyaya baxıblar. Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.