REGİONLAR


Tərtərlilər Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar VİDEO

Tərtər, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə böyük sevinc hissi ilə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 19-da şəhərin mərkəzi meydanında ümumrayon şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilib.

Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. N saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların, kəndirbazların, nağara çalanların çıxışları, müxtəlif oyunlar - dirədöymə, kəndirdartma, zorxana, xoruz döyüşdürmə maraqla qarşılanıb.

Dədə Qorqud və Bahar qız tərtərlilərə Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar. Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirilib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

M.Məmmədov rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlərdən, aparılan geniş tikinti-quruculuq işlərindən də danışıb. Qeyd edib ki, dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər gündən-günə gözəlləşir, müasirləşir.

Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən şəxslərə, xidmətdə fərqlənən hərbçilərə hədiyyələr, fəxri fərmanlar və bayram sovqatı təqdim olunub. Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.