REGİONLAR


Tərtərlilər Silahlı Qüvvələrin 100 illiyini əsgər və zabitlərlə birgə qeyd ediblər

Tərtər, 26 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Daim ordumuzla bir yerdə olan tərtərlilər Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyini rayon ərazisindəki hərbi hissələrdə əsgər və zabitlərlə birgə qeyd ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət edən hərbi qulluqçular əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Müharibə veteranlarının, hüquq mühafizə orqanları rəhbərlərinin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirlərdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubu oxunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycanda ordu quruculuğundan danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə yaradılmış milli ordu Qarabağda, Bakı və ətraf ərazilərdə aparılan hərbi əməliyyatlarda düşməni məğlubiyyətə uğradaraq ölkənin ərazi bütövlüyünün müdafiəsini təmin edib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərini vurğulayan M.Məmmədov xatırladıb ki, Ulu Öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin edib.

Diqqətə çatdırılıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edilib. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atılıb. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilib, vahid komandanlığa tabe olan nizami ordu yaradılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Silahlı Qüvvələr Günü elan olunub.

Prezident, Ali Baş komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası möhkəmləndirilib, müasir silahlarla təminatı istiqamətində mühüm işlər görülüb, döyüş qabiliyyəti artırılıb.

“2016-cı ilin aprel ayında cəbhə xəttində Ermənistan silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusu layiqincə cavab verib, düşmənin canlı qüvvəsinı və hərbi texnikasını darmadağın edib, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyi işğaldan azad edib. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyat da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Həmin əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi işğaldan azad edildi. İnanırıq ki, Cocuq Mərcanlıdan başlanan qayıdış Qarabağa böyük qayıdışla başa çatacaq. Azərbaycan bayrağı işğal altında olan digər ərazilərimizdə də tezliklə dalğalanacaq” – deyə M.Məmmədov bildirib.

Digər çıxış edənlər Vətənimizin müdafiəçilərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, işğal altında olan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü sayəsində azad ediləcəyinə əminliklərini bildiriblər.

Tədbirdə xidmətdə fərqlənən zabit və əsgərlərə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası” kollektivinin və Tərtər musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib.

Həmin gün Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi çərçivəsində “N” nömrəli hərbi hissədə görüş keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.