REGİONLAR
Tərtərlilər bu il 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar
Tərtər, 5 aprel, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr Tərtərdə geniş müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, mütəxəssislərin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdikləri toplantıda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, hazırda regionlarda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Tərtər rayonunda da öz nəticəsini verməkdədir.
M.Məmmədov qeyd edib ki, rayonun məhsuldar torpaqları və iqlim şəraiti pambıq əkini üçün əlverişlidir. Sovet dövründə rayonda bir ildə 11 min hektara yaxın pambıq əkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdü. Vaxtilə Tərtərdə bu sahədə adları tarixə düşən əmək qəhrəmanları yetişmiş, onlardan 5-i Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə Tərtər rayonunda 1035 hektar sahədə pambıq becərilib və hər hektardan 22,5 sentner olmaqla, 2334 ton məhsul toplanıb. Bu, da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur. Ötən il rayonda pambığın becərilməsinə və yığılmasına 200 nəfər daimi, 2 min nəfər isə mövsümü işə cəlb olunub.
Cari ildə rayonda 3000 hektarda çiyid səpilməsinə hazırlıq görülüb. Yaxın günlərdə səpinə başlanılacaq. Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC 790 nəfər mülkiyyətçi ilə müqavilə bağlayıb. Rayon pambıqçıları bu il 3000 hektar ərazidən 7 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar. Bu da 6 min nəfər üçün iş yeri və 4,2 milyon manat gəlir deməkdir.
Müşavirədə çiyid səpininin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, becərmənin aqrotexniki qaydada aparılması, pambıq əkinlərinin suvarma suyu ilə təminatı, məhsuldarlığın yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışılıb, pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib.