REGİONLAR
Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər
Tərtər, 10 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd olunub. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayraq yürüşündə Müdafiə Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi veteranları, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri daxil olmaqla, ümumilikdə 6 minə yaxın insan iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüş Heydər Əliyev prospektindən Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın dövlət himninin oxunması ilə başlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Bildirib ki, üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçib. Minlərlə Vətən övladının qanı bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi, müstəqil Azərbaycanın səmalarında dalğalanması və dünya birliyi tərəfindən tanınması xalqımızın apardığı mücadilənin nəticəsidir. Hər bir Azərbaycan vətəndaşı millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevir və onunla qürur duyur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Tərtər şəhərində də bayraq meydanının inşa edilməsi və hazırda Bayraq Muzeyinin tikintisi üçrəngli bayrağımıza olan sevgi və ehtiramın göstəricisidir. Meydanda 65 metr hündürlükdə dalğalanan bayrağımız cəbhə bölgəsində yaşayan tərtərlilərin qəlbini fərəh və qürur hissi ilə doldurur.
Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər rayon prokuroru Şıxəli Alməmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, N saylı hərbi hissənin zabiti Namiq Cavadov, Qarabağ qazisi Nazim Quliyev, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Cəmil Əliyev milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasında tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində qürur mənbəyimiz olan üçrəngli bayrağımızın hazırda işğal altında olan torpaqlarımızda dalğalanacığına əminlik ifadə edilib.
Sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər. Tədbir konsert proqramı ilə davam edib. Rayon Mədəniyyət Mərkəzinin kollektivi, Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs dərnəyinin üzvləri və məktəblilər Vətənə, bayrağımıza həsr olunan mahnı, şeir və rəqslər təqdim ediblər.
Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş Qarabağ qazisi İlham Mustafayevə “Azərbaycan Bayrağı” ordeni, Ayaz Məmmədova “Hərbi xidmətlərə görə” medalı və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təltif edilmiş Raqil Ağayevə “Vətən naminə” medalı təqdim olunub.