REGİONLAR
Təsərrüfatbaşına uçot sənədləri şəhər, rayon və qəsəbələr üzrə mühüm məlumat mənbəyidir
Gəncə, 25 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Təsərrüfatbaşına uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsi ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir dekabrın 25-də Gəncə şəhərində Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə keçirilən şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirəsində səsləndirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin konfrans zalında keçirilən müşavirədə Gəncə, Naftalan, Yevlax, Mingəçevir şəhərlərinin və Qazax, Tovuz, Bərdə, Tərtər, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Samux, Kəlbəcər, Ağdam və Xocalı rayonlarının icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika idarələrinin rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.
Müşavirədə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov bildirib ki, Prezident İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, komitə tərəfindən ardıcıl islahatlar həyata keçirilir.
Qeyd edilib ki, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli müvafiq qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb. Təkmilləşdirilmiş nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra çap etdirilərək respublikanın şəhər və rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılıb.
Yusif Yusibov deyib ki, 2018-ci ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacaq. Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə isə bir sıra mühüm tədbirlər həyata keçiriləcək. Bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev çıxış edərək ərazi üzrə mühüm informasiya mənbəyi olan təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıblar.
Sonra Dövlət Statistika Komitəsinin əhali və gender statistikası şöbəsinin sədr müavini Xaliq Nəsibov şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydalarını slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair növbəti zona müşavirəsi dekabrın 26-da Kürdəmir rayonunda keçiriləcək