DÜNYA
“Tesla” dam örtüyünü əvəz edən günəş batareyasının təqdimatını keçirib
Bakı, 29 oktyabr, AZƏRTAC
ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla Motors” şirkəti oktyabrın 28-də Los-Ancelesdə evlərin damında quraşdırmaq üçün nəzərdə tutulan günəş batareyalarının yeni modellərini, həmçinin təkmilləşdirilmiş “Powerwall 2.0” enerji toplayıcısını təqdim edib. Yeniliklər “Tesla Motors” və “SolarCity” energetika kompaniyasının birləşməsi barədə sövdələşmənin ehtimal edilən yekununa bir neçə həftə qalmış nümayiş olunub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, yeni günəş batareyaları binanın bütün damını əhatə edəcək. “Tesla” kompaniyasının başçısı İlon Maskın sözlərinə görə, burada söhbət günəş modulları dəstindən deyil, bütünlüklə günəş batareyalarından ibarət dam örtükləri istehsalından gedir.
Günəş batareyalı dam örtükləri dörd dizaynda - şüşə və şifer piltələr, kirəmit və bəzəkli şüşə şəklində təqdim olunub. Yeni günəş panellərindən ibarət ilk dam örtüklərinin artıq gələn ildən satışa çıxarılacağı bildirilir.