DÜNYA
“Tesla”nın Şanxaydakı zavodunun təməli qoyulub VİDEO
Pekin, 7 yanvar, AZƏRTAC
ABŞ-ın elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı “Tesla Inc.”nin Şanxay şəhərindəki zavodunun rəsmi təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şanxayın Linan ərazisində yerləşən zavodda ildə 500 min avtomobilin istehsal olunacağı planlaşdırılıb. Zavodun ilk avtomobilinin ilin ikinci yarısında buraxılacağı nəzərdə tutulub. Onun inşasının tam olaraq 2-3 ilə başa çatacağı bildirilir. Zavodda “Model 3” və “Model Y” avtomobilləri istehsal olunacaq.
Şanxayda ən iri xarici kapitallı istehsal layihələrindən olan zavod “Tesla”nın dünyanın ən böyük avtomobil bazarında yerini möhkəmlətmək planlarından biridir.
Təməlqoyma mərasimində “Tesla”nın idarə heyətinin sədri İlon Mask və Şanxay meri İn Yun iştirak ediblər.
Çin tərəfi ilə uzun müddət aparılan danışıqların nəticəsi olaraq cari ilin iyulunda Şanxayda “Tesla”nın zavodunun inşası barədə razılıq əldə olunmuşdu. Təxminən 2 milyard dollara başa gələcək istehsal sahəsi şirkətin dünyada ABŞ-dan kənarda ilk nəhəng zavodu olacaq. ABŞ şirkəti zavodun inşa ediləcəyi torpaq sahəsi üçün 149 milyon dollar ödəyib. “Tesla” Çində 100 faiz xarici kapitallı avtomobil istehsal edən ilk şirkət olacaq. İndiyədək xarici avtomobil istehsalçıları Çində zavod açmaq üçün yerli şirkətlərin biri ilə müştərək müəssisə yaratmalı idilər. “Tesla” Çinin bu sahədə yeni qaydalarından bəhrələnən ilk şirkət olub.
Qeyd edək ki, Çin dünyanın ən böyük avtomobil bazarı olmaqla yanaşı, həm də elektrik enerjisi ilə işləyən avtomobillərin (NEVs) istehsal və satış sayına görə dünyada birinci yerdədir. Elektrik enerjisi ilə işləyən avtomobil istehsalını prioritet sahə elan edən Çin hökuməti ənənəvi yanacaq növləri ilə işləyən avtomobillərin istehsalına və satışına gələcəkdə cədvəl üzrə qadağa qoymağı da düşünür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin