REGİONLAR


“Tet International Development” şirkətinin rəhbəri: Azad olunan torpaqlara da sərmayələr qoymağı planlaşdırırıq

Zaqatala, 6 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

İki ilə yaxındır ki, Azərbaycanda tütünçülük sektoruna sərmayə qoyuram. İndiyədək Yaponiyada 50 mindən çox sərmayədara Azərbaycanda gördüyümüz işlər barədə məlumat vermişəm. Hazırda Azərbaycanda 4 tütün emalı müəssisəmiz fəaliyyət göstərir. Gördüyümüz işlərlə yerində tanış olmaq məqsədilə iki həftə əvvəl sərmayədar dostlarımızdan 6 nəfərini Azərbaycana gətirdim. Bu gün isə 32 sərmayədarımız Zaqatalada gördüyümüz işlərlə yerində tanış olurlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “Tet International Development” şirkətinin rəhbəri Taro Savada Zaqatalada tütünqurutma məntəqəsində jurnalistlərə açıqlamasında deyib.

Oktyabrın 4-də Bakıda Yaponiya-Azərbaycan investisiya forumunun keçirildiyini diqqətə çatdıran şirkət rəhbəri bildirib ki, tədbirdə “Tet International Development” şirkətinin Azərbaycanda gördüyü işlərin də təqdimatı keçirilib. “Düşünürəm ki, iqtisadi əlaqələrimiz davamlı olacaq”, - deyə Taro Savada vurğulayıb.

Gələcək planlardan danışan şirkət rəhbəri qeyd edib ki, tütünçülüklə yanaşı, digər sahələrə də sərmayə qoyulmasına başlanılıb. Tezliklə Zaqatalada fındıq qabığından kömür istehsal edən emal müəssisəsi fəaliyyətə başlayacaq. Bundan əlavə, meyvə-tərəvəz məhsullarının qablaşdırılaraq Yaponiyaya ixrac edilməsi də planlaşdırılır.

Qarabağda görüləcək işlər barədə danışan Taro Savada deyib: “Azərbaycana gəldiyim gündən Qarabağ haqqında ətraflı məlumat toplamışam. Bilirəm ki, bu torpaqlar 30 ildir işğal altında idi. Həmin acıları vaxtilə biz yaponlar da çəkmişik. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və “Dəmir yumruğu” ilə torpaqlarınız işğaldan azad olundu. Yapon xalqı olaraq, biz də buna çox sevindik. Azərbaycana dəvət etdiyim sərmayədar dostlarımla bir yerdə həmin sevinci sizinlə bölüşərək bildirirəm ki, Qarabağ torpağında da iş görməyi, sərmayələr qoymağı düşünürük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.