REGİONLAR
“Tet International Development” şirkətinin rəhbəri: Bu il Qarabağ torpağında 797 hektarda tütün əkməyi planlaşdırırıq

Zaqatala, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiyanın “Tet International Development” şirkəti olaraq Azərbaycanda 3 ildir ki, fəaliyyət göstəririk. Məqsədimiz kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə tütünçülüyün inkişafına dəstək verməkdir. Üç il müddətində Azərbaycanın 4 regionunda - Oğuz, Şəki, Tovuz və Zaqatala rayonlarında tütün emalı müəssisələrinin tikintisinə başladıq və hazırda bu məntəqələr fəaliyyətə tam hazırdır. Cari mövsümdə bu rayonlarda 1052 hektar sahədə tütün əkmişik. Mövsüm ərzində sahələrdən 18 min ton yaşıl tütün yarpağı tədarük etməyi və 3 min ton quru tütün istehsal etməyi planlaşdırırıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “Tet İnternational Development” MMC-nin səhmdarı və prezidenti Taro Savada Zaqatalada tütünqurutma məntəqəsinin açılışı mərasimində jurnalistlərə açıqlamasında deyib.
Gələcək planlar barədə danışan şirkət rəhbəri bildirib ki, bu il Qarabağ torpağında əkin üçün əlverişli olan ərazilərdə şirkət tərəfindən 797 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Həmin ərazilərdə yaradılacaq məntəqələrdə 160 ədəd tütünqurutma avadanlığı quraşdırılacaq.
Taro Savadanın sözlərinə görə, şirkət tərəfindən indiyədək Azərbaycanda tütünçülüyün inkişafına 10 milyon ABŞ dolları həcmində sərmayə yatırılıb. 2024-cü ilədək əlavə olaraq tütünçülük sektoruna 30 milyon ABŞ dolları həcmində sərmayə yatırılması planlaşdırılır. “Tet International Development” şirkəti, eyni zamanda, kənd təsərrüfatının digər sahələrinə də yatırımlar edir.