Texas ştatından olan konqresmen Ron Rayt COVID-19 virusundan ölən ilk konqresmen olub
AzerTAg.az

Vaşinqton, 9 fevral, AZƏRTAC
ABŞ Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Ron Rayt koronavirusdan ölüb. Bu barədə onun mətbuat katibinin bazar ertəsi dərc olunan rəsmi bəyanatında bildirilir.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Konqresmen Ron COVID-19-a yoluxandan sonra ötən iki həftə ərzində həyat yoldaşı Süzan ilə Dallasdakı Beylor xəstəxanasında olub. Ağciyər xərçəngindən əziyyət çəkən Rayta yanvar ayında COVID-19 diaqnozu qoyulub”.
Bəzi konqresmenlər də ötən il koronavirusa yoluxmaları barədə xəbər vermişdilər, lakin 67 yaşlı Ron Rayt COVID-19 virusundan ölən ilk qanunverici olub. Konqresmenin ofisinin bəyanatında daha sonra deyilir: “Ron sonadək nikbin idi. Xərçəngdən uzunmüddətli yorucu müalicə prosesinə baxmayaraq, Ron ayağa qalxaraq işə getmək arzusundan heç vaxt imtina etmirdi”.
İlk dəfə Nümayəndələr Palatasına 2018-ci ildə seçilən Rayt ötən ilin noyabrında yenidən seçilib.
AZƏRTAC-ın Vaşinqton bürosu
Xəbərin mətnində orfoqrafik səhv var