DÜNYA


Texas ştatının qanunvericiləri bu ştatın müstəqilliyi və ABŞ-dan ayrılması barədə referendum keçirməyə hazırlaşırlar

Vaşinqton, 16 yanvar, AZƏRTAC

Texasın Birləşmiş Ştatlardan çıxması barədə söhbətlər heç vaxt səngiməyib, hərçənd onun ABŞ-dan ayrılması real görünmür.

AZƏRTAC xəbər verir ki, bu dəfə Texas ştatının qanunvericilərindən biri ABŞ federal hökumətinin siyasətindən narazı olduğuna görə Texasın ABŞ-dan ayrılması məsələsini referenduma çıxarmaq istəyir. Həmin qanunvericinin tərəfdarlarının sözlərinə görə, onun niyyəti çox ciddidir.

Xatırladaq ki, hələ 1836-cı ildə Meksikadan ayrılmış Texas ştatı 1845-ci il dekabrın 29-dək ayrıca dövlət kimi mövcud olub və həmin gündən Amerikanın 28-ci ştatına çevrilib.

Texasın ABŞ-dan ayrılması hərəkatını Britaniyadakı “Brexit” layihəsinə analogiya üzrə “Texit” adlandırırlar. Ştatın qanunverici orqanı yaxın günlərdə həmin layihəni qanun layihəsi kimi müzakirəyə çıxaracaq. Layihəyə əsasən 2021-ci ilin noyabr ayında ştatın ayrılması məsələsinə dair referendum keçirilməlidir. Qeyd edək ki, ABŞ paytaxtında 5 nəfərin ölümü ilə nəticələnmiş Kapitoliyə kütlənin hücumundan sonra bu ideya aktuallaşıb.

Ştatın Respublikaçılar partiyasından olan nümayəndəsi, təsərrüfat malları mağazasının sahibi və silah alverçisi Kayl Biderman bildirib ki, Texasın Birləşmiş Ştatlardan müstəqilliyini təsdiq etmək lazım olub-olmaması məsələsi referenduma çıxarılacaq. Texas qanunvericilik məclisinin üzvünün fikrincə, federal hökumət nəzarətdən çıxıb. Onun sözlərinə görə, texaslıların çoxu bu fikirlər razıdır.

Əgər qanun layihəsi komitələrdə dinləmələr zamanı bəyənilərsə, bu sənəd ştatın 150 nümayəndəsi və 31 senator qarşısında səsverməyə qoyula bilər. Başqa ştatlarda da ABŞ-dan ayrılma hərəkatları mövcuddur. Məsələn, Alyaskanın Müstəqillik partiyasının üzvləri də bu ştatın sakinlərinə ABŞ-dan ayrılmağa dair səsvermə keçirilməsi imkanı verilməsini istəyirlər. Lakin bəzi qrupların istəklərinə baxmayaraq, həmin ştatlarda yaşayan sakinlərin əksəriyyəti ABŞ-dan ayrılmağı arzu etmirlər.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.