DÜNYA
Texasda təyyarə qəzası nəticəsində üç nəfər həlak olub
Vaşinqton, 21 fevral, AZƏRTAC
ABŞ-ın Texas ştatının qərbində, kənd yerində ikimotorlu təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, təyyarə aeroportdan havaya qalxandan dərhal sonra pilot elektriklə bağlı nasazlıq barədə məlumat verib, təcili enmək üçün geri dönüb, lakin aeroporta yetişə bilməyib. Hakimiyyət orqanları bildiriblər ki, təyyarənin içindəki adamların üçü də həlak olub, lakin onların adlarını açıqlamayıblar.
ABŞ Federal Mülki Aviasiya Agentliyinin nümayəndəsi Linn Lansford bildirib ki, “Beechcraft BE20 Super King Air” ikimotorlu təyyarəsi hava yolunun radarından Abilin regional aeroportuna geri dönərkən, səhər saat təqribən 6-da yoxa çıxıb. O deyib ki, pilot elektriklə bağlı problemin olması barədə məlumat verəndən dərhal sonra təyyarə ilə əlaqə kəsilib.
Texas İctimai Təhlükəsizlik Departamentinin nümayəndəsi Fred Biddl mətbuat konfransında bildirib ki, xilasedicilər təyyarənin parçalarını təqribən səhər saat 10-da aeroportdan 50 kilometr cənubda yerləşən Koulman gölü yaxınlığında tapıblar.
Federal Mülki Aviasiya Agentliyi insidentlə bağlı araşdırmaya başlayıb.
AZƏRTAC-ın Vaşinqton bürosu