DÜNYA
Texaslı qadın Barak Obamaya bomba göndərməkdə ittiham olunur
Vaşinqton, 24 noyabr, AZƏRTAC
Texas ştatında yaşayan Culia Poff adlı qadın 2016-cı ildə Prezident Barak Obamaya və Texasın qubernatoru Qreg Abbota evdə hazırlanmış bombanın göndərilməsində ittiham olunub.
AZƏRTAC xəbər verir ki, dövlət ittihamçılarının sözlərinə görə, bomba vaxtında zərərləşdirilməsəydi, prezidentin və qubernatorun ölümünə və ya ciddi yaralanmasına səbəb ola bilərdi.
Cümə günü Hyustonda açıqlanmış məhkəmə sənədlərində qeyd olunub ki, Culia Poff cinayət məcəlləsinin altı bəndi ilə ittiham olunur. Bura öldürmə və yaralama məqsədi ilə zərərli əşyaların və partlayıcı maddələrin ğöndərilməsi bəndi də daxildir. Hazırda 46 yaşlı Culia Poff Hyuston federal həbsxanasında saxlanılır.
Federal müstəntiqlər bəyan ediblər ki, Prezident Obamaya göndərilən paketin içində mobil telefon, siqaret qutusu və butulka olub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton