İQTİSADİYYAT


Təxirə salınan mənfəət vergisi üzrə öhdəliklər nədən ibarətdir?

Bakı, 20 aprel, AZƏRTAC

Mühasibat və vergi uçotları fərqli formalarda aparıla bilər.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu təxirə salınmış aktivlər və təxirə salınmış öhdəliklər üzərindən izah edən “BSC Consulting & Outsourcing Company” şirkətinin maliyyə işləri üzrə aparıcı mütəxəssisi Rüfət Həmzəlinin sözlərinə görə, müntəzəm olaraq təxirə salınmış aktivlər kimi qəbul edilən xərclərə misal olaraq qabaqcadan ödənilmiş sığorta (icarə, reklam) xərcləri aid edilə bilər. Bu təxirə salınmış aktiv əvvəlcədən ödənilmiş xərc kimi qeydə alınır. Ona görə də ilkin olaraq balans hesabatında cari aktiv kimi görünür: “Təxirə salınmış öhdəlik isə yaranmış və ödənilməli olan borcun bir şəxs və ya təşkilatın ödənişlə həll etmədiyi borcdur. Ödəniş gələcəkdə müəyyən bir vaxtda ediləcək və buna görə də öhdəliyin təxirə salındığı deyilir. Kreditlər üzrə ödənişlərdən tutmuş ödənilməli olan gəlir vergilərinə qədər bir sıra öhdəlik növləri təxirə salına bilər. Mühasib təxirə salınmış öhdəliyi uçotlarda qeyd etməklə, öhdəliyin ödənişinin vaxtı çatanda onun qeydə alınmasına əmin olmalıdır”.

R.Həmzəli bildirib ki, bəzən beynəlxalq mühasibat uçotu standartları ilə yerli qanunvericilik fərqlənir. Bunun nəticəsində mənfəət və zərər hesabatında tanınan mənfəət vergisi xərcləri ilə vergi orqanının hesabladığı vergilərin həqiqi məbləği arasında fərq yarana bilər. Əgər şirkət müəyyən maliyyə dövrü üçün vergisini artıq ödəyibsə və ya vergini əvvəlcədən ödəyibsə, bu, artıq ödənilmiş vergi kimi tanınır və təxirə salınmış vergi aktivi kimi mühasibat uçotunda qeydə alınır. Bir şirkətin mənfəət və zərər hesabatı haqqında vergidən əvvəlki mənfəəti vergi bəyannaməsindəki vergiyə cəlb olunan mənfəətdən çox ola bilər. Bu fərqə görə təxirə salınmış vergi borcları (öhdəliyi) yaranır: “4 nömrəli Milli Mühasibat Uçotu Standartına əsasən, “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” hesablar planının 161 nömrəli hesabda uçotu aparılır. Belə aktivlər Milli Mühasibat Uçotu Standartına uyğun olaraq hesablanmış uçot mənfəəti ilə vergi qanunvericiliyi əsasında hesablanmış vergi mənfəəti arasında yaranmış müvəqqəti fərqlər nəticəsində müəyyən edilir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.