CƏMİYYƏT
“Təxirəsalınmaz tibbi yardım” mövzusunda olimpiada təşkil edilib



Bakı, 18 may, AZƏRTAC
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev, 1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyevanın iştirakı ilə 1 nömrəli Bakı Tibb Kollecində olimpiada keçirilib.
AZƏRTAC xəbər verir ki, olimpiada kollecin yaranmasının 120 illiyinə həsr olunmuş və “Təxirəsalınmaz tibbi yardım” mövzusunda keçirilib. Tədbirin keçirilməsində məqsəd düzgün aparılmış ilkin tibbi yardımın nə qədər vacib olduğunu çatdırmaq olub.
Olimpiadada Tibb bacısı şöbəsinin “Şəfqət”, Müalicə işi şöbəsinin “MedStars”, Mamalıq işi şöbəsinin “Yeni nəfəs”, Müalicə masajı şöbəsinin “Xüsusi təyinatlı təbib” komandaları iştirak ediblər.
Komandalar “Desmurgiya”, “Arterial qanaxmanın dayandırılması”, “Böyüklərdə təməl yaşam dəstəyi” və “İmmobilizasiya” mövzularında yarışıblar. Müalicə işi şöbəsinin “MedStars” komandası qalib olub. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.