Texniki Baxış mərkəzləri Novruz bayramı günlərində sürücülərə fasiləsiz xidmət göstərəcək VİDEO
AzerTAg.az
Bakı, 20 mart, AZƏRTAC
Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sürücülərdən Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyə olunur.
Saatından asılı olmayaraq, müraciət edən sürücülər üçün texniki müayinə mərkəzlərində avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanı yaradılıb. Texniki müayinə mərkəzlərində həmçinin şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçılarının rahatlığını təmin etmək və növbə gözləməmələri üçün də ayrıca qəbul pəncərəsi fəaliyyət göstərir.
Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 24 saat ərzində (012) 590-71-13 nömrəli qaynar xətt ilə əlaqə saxlaya bilərlər.



Xəbərin mətnində orfoqrafik səhv var