ELM VƏ TƏHSİL
Texniki Universitetdə Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikasının Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə prorektor İsa Xəlilov bu iki əlamətdar günün təsis olunması tarixlərindən söz açıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunur.
Professor İsa Xəlilov xatırladıb ki, 1991-ci ildə üçrəngli bayrağımızı Naxçıvan Ali Sovetində yenidən Dövlət Bayrağı kimi yüksəldən ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib.
Daha sonra universitetin professoru Eyyub Kərimov hər iki günün qeyd olunmasının əhəmiyyətindən söz açıb.
AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və Tələbə Gənclər Təşkilatının sədr müavini Səbinə Qarayeva milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolundan danışıblar.