CƏMİYYƏT


Texniki Universitetin tələbələri şor suyu şirin suya çevirən yeni qurğu hazırlayıblar

Bakı, 29 iyul, AZƏRTAC 

Hazırda ölkəmizdə içməli su probleminin həll edilməsi üçün müxtəlif layihələr hazırlanır. Mürəkkəb mexanizmlər və xeyli vəsaitin tələb olunduğu həmin layihənin həllinə azərbaycanlı tələbələr də qoşulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetinin bir qrup tələbəsi şor suyu içməli suya çevirən qurğu hazırlayıb. Qurğu Günəş enerjisinin köməyi ilə 1 ton dəniz suyundan 800 litrədək şirin suya çevirmək imkanına malikdir.

Qurğunun müəlliflərindən olan Rafael Əzizovun dediyinə görə, əvvəlcə motor dənizdən suyu çəkərək birinci çənə toplayır. Mobil tətbiq vasitəsilə birinci və ikinci çəndəki suyun səviyyəsini izləmək mümkündür. Su dolma həddinə çatanda sensor avtomatik olaraq onu qiymətləndirir və tətbiqdə görünür. Su konsentrator vasitəsilə buxarlanaraq birinci çəndən ikinci çənə yığılır və aqreqat halını dəyişərək buxar halından maye halına çevrilir.

Şor suyu içməli suya çevirən həmin qurğunu telefon vasitəsilə də idarə etmək mümkündür.

Qurğunun digər bir müəllifi Şamil Sultanzadə bildirib ki, əsas avtonom rejimdə suyun çənlərə doldurulması və boşaldılması prosesini izləmək, suyun miqdar və temperaturunu təyin etmək, müəyyən müddət ərzində yığılmış sudan alınan təmiz suyun miqdarını öyrənmək mümkündür.

Qeyd edək ki, gənclərin “Helius” adlanan layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının keçirdiyi müsabiqədə 30-dan çox layihə arasında birinci yerə çıxıb. İxtiralarını daha da təkmilləşdirmək arzusunda olan gənclər layihənin gələcəkdə ölkənin içməli su probleminin həllində mühüm rol oynayacağına inanırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.