Texnologiya Universitetində əmək yarmarkası: 40-dan çox müəssisə və 400-dən artıq vakansiya
AzerTAg.az
Gəncə, 24 may, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir Dövlət Himni səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.
Çıxış edən Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən dosent Yaşar Ömərov universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin müdir müavini Toğrul Yusifli çıxış edərək işə götürənlərə və iş axtaranlara uğurlar arzulayıblar.
Daha sonra ATU-da bu il məzun olacaq 660 tələbə və magistr, eləcə də ötən illərin məzunları işəgötürənlərin stendlərinə yaxınlaşaraq vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər. İşaxtaranlara CV formalarını, həm də onlayn təqdim etmək üçün internetə çıxış təmin edilib.
“Azəralüminium”, “AzerGold”, Azərsun Holding, Qəbələ Konserv zavodu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Şəmkir Aqroparkı kimi dövlət və özəl müəssisələri, “Paşa Bank”, “Kapital Bank”, “Bank of Baku” və s. banklar yarmarkada işəgötürənlər qismində çıxış edib.
Ümumilikdə əmək yarmarkasında 40-dan çox müəssisə tərəfindən 400-dən artıq vakansiya təqdim olunub. Tədbir universitet tarixində miqyasına görə ən böyük məzun yarmarkası olaraq qeydə alınıb.








Xəbərin mətnində orfoqrafik səhv var