Təxribatlarla Azərbaycanın mövqeyinə təsir etmək və ya onu dəyişmək qeyri-mümkündür
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədildi. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarları aşkarlamaq üçün zəruri addımlar atırlar. Heç şübhəsiz ki, cinayətkarlar tapılaraq hüquqi məsuliyyətə cəlb ediləcəklər. Buna heç kimin şübhəsi olmasın.
Bu gün bu terroru İran tərəfinin törətdiyini düşünənlər az deyil. Ancaq hesab edirəm ki, istintaqın nəticəsi bilinmədən hansısa tərəfi və ya dövləti günahlandırmaq düzgün deyil.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, həmkarı F.Mustafa həm mediada, həm də Milli Məclisdə davamlı olaraq Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, ölkəmizə qarşı təxribatların qarşısının alınmasına, vətəndaş hüquqlarının qorunmasına yönəlik çıxışlar edirdi. O öz çıxışlarında İranın Azərbaycanla bağlı siyasətini, dini fəaliyyət sahəsində cərəyan edən xoşagəlməz prosesləri də tez-tez sərt tənqid edir. Görünür, diqqətin İrana yönəlməsinin səbəblərindən biri də budur.
“Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan özünün ikinci müstəqillik tarixinin ən şərəfli, eyni zamanda, ən gərgin dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədəki Zəfərini, bölgədə yeni reallıq yaratmasını, müstəqil siyasət yeritməsini, heç bir regional və beynəlxalq təzyiqə boy əyməməsini nə qonşu dövlətlər nə də bir sıra Qərb dövlətləri qəbul etmək istəmir. Digər bir reallıq isə ondan ibarətdir ki, son illər regionumuz və dünyamız heç zaman olmadığı qədər gərgin və ağır bir mərhələyə daxil olub. Hamı bulanıq suda balıq tutmağa çalışır. Qlobal güclərin siyasətindən bu gün ən çox əziyyət çəkən isə kiçik və təzyiqlərə boyun əyməyən dövlətlərdir”, - deyə C.Məmmədov qeyd edib.
Deputatın sözlərinə görə, hər kəs bilməlidir ki, bu kimi təxribat və cəhdlərlə Azərbaycanın mövqeyinə təsir etmək və ya dəyişmək qeyri-mümkündür. Vətənini sevən, dövlətinə bağlı olan hər kəs dövlətinin və Prezidentinin yanındadır.
Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu təzyiqlərə və təxribatlara sinə gərməyə çalışdığını bildirən deputat deyib: “Qarşı tərəflər müxtəlif bəhanələrlə bu təzyiqləri artırmağa çalışırlar. Bu səbəbdən, qarşıdakı günlərdə yeni təxribatların başvermə ehtimalları kifayət qədərdir. Belə təxribatlar müxtəlif istiqamətlərdə özünü büruzə verə bilər. Ona görə xalqımızın bir, ayıq-sayıq olması, ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsi çox önəmlidir. Mövcud ağır mərhələni keçmək üçün bu, çox önəmlidir. Eyni zamanda, hüquq mühafizə orqanlarının da üzərinə çox böyük vəzifələr düşür. Həddən artıq ayıq-sayıq olmağa ciddi ehtiyac vardır”.
Xəbərin mətnində orfoqrafik səhv var