Teymur Musayev: Təkcə pandemiya ilə deyil, antivaksin hərəkatı ilə də mübarizə ön plana çıxdı
AzerTAg.az
Bakı, 17 iyun, AZƏRTAC
COVID-19 pandemiyası hər bir ölkəyə müəyyən dərslər verdi. Biz öyrəndiyimiz dərsləri, pandemiyanı nə dərəcədə idarə edə bildiyimizi və sona gəlib çatıb-çatmadığımızı müzakirə etməyin vaxtı çatıb.
AZƏRTAC xəbər verir ki, bunu IX Qlobal Bakı Forumunun "Qlobal səhiyyənin idarə edilməsi" panelində çıxış edən səhiyyə naziri Teymur Musayev deyib.
Ölkəmizdə pandemiya ilə mübarizədən danışan səhiyyə naziri Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatı ilə güclü əməkdaşlıq və əlaqələndirilmiş şəkildə icra edildiyini deyib: “Ölkə başçısı tərəfindən Nazirlər Kabinetinə tapşırıqlar verildi və Operativ Qərargah yaradıldı. Operativ Qərargah tərəfindən lazımi qərarlar qəbul olundu, peyvəndlər əldə edildi, vaksinasiya prosesi uğurla həyata keçirildi.
Təəssüf ki, bu dövrdə təkcə pandemiya ilə deyil, antivaksin hərəkatına qarşı da mübarizə ön plana çıxdı. Bir sıra kütləvi informasiya vasitələrində vaksinlərlə bağlı əhalini qorxuya salan saxta məlumatlar yayıldı. Belə saxta məlumatlarla mübarizə qarşımızda duran əsas öhdəliklərdən biri oldu. Medianın elmi təsdiqi olmayan məlumatları yaymaq hüququ yoxdur. Media ilə tənzimlənmə aparılmalıdır. Çünki nəticədə antivaksin hərəkatı ilə üzləşdik. Azərbaycan hökuməti isə media ilə paralel işləyərək koronavirus, vaksinlər barədə vaxtaşırı dolğun, düzgün məlumatları ictimaiyyətə çatdırdı. Vətəndaşların dövlətə güvənməsi səhiyyə sistemlərinin düzgün təşkilində vacib amildir. Ümumiyyətlə, pandemiya tədbirlərinin düzgün anlaşılmasında əhalinin savadlılığı vacibdir”.
Nazir bildirib ki, pandemiya səhiyyə sisteminə düzgün investisiyaların yatırılmasının vaxtı gəlib çatdığını öyrətdi: “Pandemiya böhrandır. Böhranlar olmadan tərəqqiyə nail olmaq mümkün deyil. Bu, bizi müəyyən addımlar atmağa sövq etdi və çoxtərəfli əməkdaşlığın vacibliyini öyrətdi”.

Xəbərin mətnində orfoqrafik səhv var