İDMAN
Teymur Rəcəbov: Bakıdan sonra “Qran-pri” yarışlarının daha iki mərhələsində iştirak edəcəyəm
AZƏRTAC xəbər verir ki, T.Rəcəbov məğlub olduğu görüş haqqında deyib: “Debüt seçimimdən razı qalmadım. Yanlış seçim oldu. Səhv etdikdən sonra onu düzəltmək çətinlik törətdi. B.Gelfand yaxşı oynadı və bundan istifadə etdi”.
Şahmatçı bildirib ki, qarşıda bizi son tur gözləyir. Bakıdan sonra “Qran-pri” yarışlarının daha iki mərhələsində iştirak edəcəyəm. Həmin turnirlərdən sonra iddiaçılar turnirinə yollanacaq şahmatçılar məlum olacaq.
Boris Gelfand jurnalistlərin İsrail və Azərbaycan şahmatçılarının oyununu futbol üzrə milli komanda ilə müqayisə etmələrinin əleyhinə çıxıb. Vurğulayıb ki, həm İsrailin, həm də Azərbaycanın futbol milli yığmalarına hörmətlə yanaşıram. Amma mənimlə Teymurun oyununu futbol üzrə milli komandaların görüşü ilə müqayisə etmək düzgün deyil. Həm İsrailin, həm Azərbaycanın futbol yığmaları ikinci dərəcəli komandalardır. Hər iki ölkədə futbol ürəkaçan vəziyyətdə deyil. Amma şahmatda Teymur ilə mən dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə uğrunda yarışırıq. Müqayisəni qəbul etmirəm. Oyuna gəldikdə, Teymur səhvə yol verdi və mən bundan istifadə etdim. Revanş adlandırmazdım. Şəhriyara uduzdum, sonra Teymura qalib gəldim. Bu, şahmatdır. Hər bir şahmatçı qələbə qazana bilir, həm də məğlub olur. Son tura lider kimi qədəm qoymaq yaxşıdır. Amma “Qran-pri”nin Bakı mərhələsində qələbə qazanmaq daha xoş olardı.