İDMAN
Teymur Rəcəbov Xantı-Mansiyskdə Dünya Kubokunun təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Xantı-Mansiyskdə keçirilən Dünya Kuboku yarışlarının təşkilatçılıq səviyyəsindən məmnun qalıb. O, bunu sentyabrın 23-də ¼ final mərhələsində amerikalı Ceffri Syunla oynadığı birinci partiyadan sonra TASS agentliyinə müsahibəsində bildirib.
Amerikalı şahmatçının ağ fiqurlarla oynadığı bu partiya heç-heçə başa çatıb. İkinci partiya sentyabrın 24-də oynanılacaq.
O, agentliyə müsahibəsində deyib: “Hər şey əla gedir. Burada (Xantı-Mansiyskdə) oynamaq həmişə xoşuma gəlib. Xüsusən şaxtalı havada. İndi hava ilə əlaqədar vəziyyət bir qədər istədiyim kimi deyil. Turnirin təşkilatçılığına dair heç bir sualım yoxdur. Sən sadəcə gəlib oyun barədə düşünürsən”.
Rəcəbov Syunla oynadığı birinci partiyanı şərh edərək bildirib ki, oyun bərabər səviyyədə keçib və o, udmaq üçün heç bir şans görməyib. “Mənə elə gəldi ki, haradasa oyuna azacıq təsir göstərə bilərəm, amma lazımlı gedişi tapa bilmədim. Düşünürəm ki, bu, obyektiv nəticədir. Mübarizə davam edir”,- deyə şahmatçı fikrini tamamlayıb.
Final və üçüncü yer uğrunda görüş istisna olmaqla, bütün matçlar iki partiyadan ibarətdir. Görüş heç-heçə başa çatanda tay-breyk keçirilir. Dünya Kubokunun yarış hissəsi oktyabrın 4-də başa çatacaq. Sonuncu gün həlledici görüşlərin tay-breyki üçün nəzərdə tutulub. 128 şahmatçının qatıldığı turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 110 min dollar alacaq.