MƏDƏNİYYƏT


Teymur Rzayev: Ümummilli Liderin Azərbaycan mədəniyyətinə verdiyi önəm bu gün xalqımızın mədəni həyatında öz təzahürünü tapır

İstanbul, 7 may, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan, dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi ümummilli lider Heydər Əliyev çağdaş tariximizlə əbədiləşən əvəzsiz şəxsiyyətdir. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərib. Azərbaycan tarixində özünəməxsus yer tutan nadir şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyev xalqımızın müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev bildirib.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna qoyması ilə bir çox sahələrin inkişafına zəmin yarandığını deyən rəssam qeyd edib: “Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi önəm, sənət adamlarının və xalqımızın bugünkü mədəni həyatında öz təzahürünü tapır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan mədəniyyətinin bütün sahələri dünyada öz layiqli yerini tutur. Bunun nəticəsidir ki, hazırda Yer kürəsinin bir çox muzeylərində Azərbaycanın mədəniyyət xadimlərinin əsərləri yer alır. Buna çox misallar gətirmək olar. Dünyanın bir sıra ölkələrində azərbaycanlı sənətkarların sərgiləri açılır, mədəniyyət günləri və konsertlər təşkil olunur. Bu ölkələrdə Azərbaycanın dəyərli şəxsiyyətlərinin heykəllərinin təntənəli açılışına da şahid oluruq”.

Bu gün Ulu Öndərin qoyduğu irsi layiqincə davam etdirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən rəssam Azərbaycanın bütün sahələrdə olduğu kimi, mədəniyyətdə də bundan sonra bir çox yeniliklərə imza atacağına əminliyini vurğulayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.