CƏMİYYƏT


Təyyar Eyvazov: Ölkəmizdə hər cür şərait yaradılsa da vətəndaşlar COVID-19 əleyhinə vaksinasiyada fəal iştirak etmirlər

Bakı, 3 may, AZƏRTAC

Vaksinasiya prosesinin həyata keçirilməsində iki tərəf var. Prosesin birinci tərəfi dövlətin gördüyü işlərdir. Dövlət öz üzərinə düşən vəzifələri vaxtında və kifayət qədər yüksək səviyyədə həll edir. Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinlərin əldə edilməsi, ölkəyə gətirilməsi, prosesin aparılması üçün müvafiq infrastrukturun yaradılması, tibb kadrlarının təlimləndirilməsi dövlət tərəfindən görülən böyükhəcmli tədbirlərdir. Ölkəmizdə vaksinasiyaya dair strategiya qəbul olunub. Strategiyaya əsasən proses mərhələlər üzrə aparılır. Peyvəndləməyə dünyada olduğu kimi həssas insanlar qrupundan başlanılıb. Vaksinasiya strategiyasına uyğun olaraq hazırda 40 yaşdan yuxarı vətəndaşların peyvəndləməsi aparılır. Prosesin ikinci tərəfi insanların vaksinasiyaya münasibətidir. Burada məsələ bizi o qədər də qane etmir. Baxmayaraq ki, ölkədə yetəri sayda peyvənd dozaları, kifayət qədər peyvənd məntəqələri fəaliyyət göstərir, əhalidə olan aktivlik bir o qədər yüksək deyil. Əhalinin cəmi 5 faizdən bir qədər çoxu hər iki dozanı qəbul edib. Bizim hədəfimiz isə əhalinin ən azı 70, hətta bəzi mülahizələrə görə, 80 faizinin vaksinasiya olunmasıdır. Bu templə prosesin müddəti uzana bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

“Buradan belə sual ortaya çıxır ki, əhalini vaksinasiya prosesində aktiv iştiraka cəlb etmək üçün nə etmək lazımdır? Birmənalı olaraq, bu zaman məcburiyyət ola bilməz. Çünki dünya təcrübəsi onu göstərir ki, istənilən xəstəlik zamanı peyvəndləmənin məcburi edilməsi neqativ hallara gətirib çıxaracaq. İnsanlar müxtəlif səbəblərlə vaksinasiyadan yayınacaqlar. Təsadüfi deyil ki, belə hallar bütün dünyada, o cümlədən ölkəmizdə də qeydə alınır. Burada əhalini vaksinin effektivliyinə və təhlükəsizliyinə inandırmaq, şəxsi təcrübə, kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin aparılması üsulu ilə müsbət effekt əldə etməyə çalışmaq lazımdır. Gələcəkdə bəlkə də vaksinasiyadan keçməyənlər üçün müəyyən məhdudiyyətlər ola bilər. Bununla yanaşı, onsuz da bir müddətdən sonra Avropanın iri ölkələri, ABŞ-da nəticələr gözə çarpacaq. Orada məhdudiyyətlərin aradan qaldırılması bir nümunə olacaq. Vətəndaşlar bunları görəndə bir qədər də aktivlik göstərəcəklər. Elə ölkələr var ki, vətəndaşlar vaksinasiya üçün mütəmadi müraciət edir, öz növbələrinin gəlib çatması ilə bağlı məlumat öyrənməyə çalışır, narahatlıqlarını ifadə edilər. Təəssüf ki, ölkəmizdə hər cür şərait yaradılsa da biz istənilən aktivliyi görə bilmirik.

40 yaşdan yuxarı vətəndaşların vaksinasiyaya görə müraciətetmə hallarında azalma baş verərsə, daha aşağı yaş qruplarında peyvəndləməyə start veriləcək. Artıq bir sıra ölkələrdə 16 yaşdan yuxarı vətəndaşlar peyvəndləməyə cəlb olunurlar”,- deyə T.Eyvazov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.