CƏMİYYƏT


Təyyar Eyvazov: Son yoluxmaların 90 faizi “omikron”la əlaqəlidir

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının artması əsasən “omikron” ştamı ilə əlaqədardır. Həmin ştamın yoluxduruculuğunun yüksək olması nəticəsində xəstələrin yaxın təmasda olduğu demək olar ki, hər kəs koronavirusla xəstələnir. Lakin müsbət haldır ki, “omikron” ştamının inkubasiya dövrü əvvəlkilərlə müqayisədə daha az, adətən 1-3 gündür.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin instaqram hesabında “COVID-19” mövzusunda çıxışı zamanı deyib.

T.Eyvazov bildirib ki, son yoluxmaların 90 faizinin əlamətləri “omikron” ştamı ilə üst-üstə düşdüyünə görə, xüsusi yoxlamalara ehtiyac duyulmur: “Ona görə də demək olar ki, son yoluxmaların 90 faizi “omikron”la əlaqəlidir. Lakin xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı çox deyil. Ambulator müalicə alan xəstələrin sayı isə çoxalıb. Xəstəlik yüngül keçsə də, yoluxmaların sayının artması müvafiq olaraq səhiyyə yükünün də müəyyən qədər artmasına gətirib çıxarıb”.

Həkim-mütəxəssisin dediyinə görə, hazırda ölkədə uşaqların “omikron” ştamı ilə yoluxması barədə rəsmi statistik göstərici yoxdur: “Dünya təcrübəsinə əsasən isə uşaqlar arasında “omikron” ştamı ilə yoluxma “delta”ya nisbətən daha çoxdur. Uşaqlar da yeni ştamı böyüklərlə demək olar ki, eyni keçirir. Lakin xəstəliyin əlamətləri nisbətən daha yüngül olur. Bir müddətdir ki, ölkədə uşaqlar arasında yayılmış infeksiyaların hər birini COVID-19-la əlaqələndirmək olmaz. Onların əksəriyyəti fəsli virus infeksiyaları idi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.