CƏMİYYƏT


Təyyar Eyvazov: Uşaqlar infeksiyanın daşıyıcısı kimi yaşlı nəsli yoluxdura bilər və bu, daha təhlükəli hesab olunur

Bakı, 12 fevral, AZƏRTAC

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram” səhifəsində “Məktəblərdə COVID-19” mövzusunda keçirilən canlı yayım zamanı əhalini maraqlandıran sualları cavablandırıb.

AZƏRTAC müsahibəni təqdim edir.

- Uşaqlar COVID-19 xəstəliyini necə keçirir və bu xəstəlik uşaqlar üçün nə dərəcədə təhlükəlidir?

- Pandemiyanın ilk vaxtlarından uşaqlar böyüklərə nisbətən koronavirus xəstəliyini daha yüngül keçirirlər. Onlar yoluxsalar da, xəstəliyi daha çox simptomsuz keçirirlər. Uşaqlar xəstələnsələr də ağır hallara, pnevmoniyanın baş verməsinə çox az rast gəlinir. Onlar həddən artıq kök, yanaşı ağır xəstəlikləri olduqda xəstəliyi keçirən zaman ağırlaşmalar ola bilər. Uşaqlar infeksiyanın daşıyıcısı kimi yaşlı nəsli yoluxdura bilər və bu, daha təhlükəli hesab olunur.

- Virusun yeni mutasiyaları barədə nə deyə bilərsiniz? Uşaqlar üçün deyildiyi qədər təhlükəlidirmi?

- Dünya üzrə mutasiyaların sayı artır. Onlar toplandıqca, virusun xüsusiyyətləri dəyişir. Yeni ştammlar indiki vaksinlərə tabe olurlar. Gələcəkdə necə olacağını demək çətindir. Əgər dünyada hər kəs peyvəndlənsə, xəstəlik sönəcək. Bugünkü peyvəndlər təsirli olmasa, yeni vaksinlərin hazırlanması labüd ola bilər. Vaksinlər tam qorumasa da, virusa yoluxan şəxs xəstəliyi yüngül keçirir. Yeni ştammların uşaqlara daha təhlükəli təsiri olacaqmı sualına cavab olaraq demək istəyirəm ki, bu elmi araşdırmalarla sübuta yetirilməyib.

- Məktəblərdə uşaqların maska taxması vacibdirmi?

- ÜST-nin göstərişinə görə 5 yaşa qədər uşaqların maska taxması tələb olunmur. Uşaqlara nəzarət etmək olmur, onlar maskaya əllərini vurub gözlərinə çəkə bilirlər. Hətta bəzəkli maskalarını bir-biri ilə dəyişə bilirlər. Bu hal yolverilməzdir. Növbəti qrup 6-11 yaşlı uşaqlardır ki, onlara izah edərək maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olur. Maska o vaxt effektiv olur ki, ondan düzgün istifadə olunur. 12 yaşdan yuxarı uşaqlarda isə böyüklərdə olduğu kimi maskadan istifadə mümkündür. Kiçik yaş qruplarında, məktəbəqədər təhsil müəssisələrində maskadan istifadə şagirdin və valideynin ixtiyarına buraxılır. Orta və peşə təhsili müəssisələrində isə bu məcburidir.

- Ümumiyyətlə İnfeksion xəstəliklər uşaqlar arasında daha çox məktəblər, bağçalar və s. kimi tədris ocaqlarında yayılır. Təkcə COVID-19 yox, digər infeksion xətəliklərdən özümüzü necə qorumalıyıq?

- Təcrübə göstərir ki, uşaqlar arasında həssaslıq olduğu üçün qızılca, məxmərək və digər xəstəliklər yenidən alovlana bilər. Son vaxtlar uşaqlara vurulan peyvəndlərlə bağlı poliklinikalara müraciətlərin sayı azalıb. Bu səbəbdən uşaqlar üçün nəzərdə tutulan planlı peyvəndlərin vaxtı gecikə bilər. Valideynlər bu barədə ciddi düşünsünlər və təqvim üzrə uşaqlarını peyvənd etdirsinlər.

- Nə üçün peyvənd vurdurmalıyıq?

- Peyvəndi ona görə vurdururuq ki, əvvəlki həyata qayıdaq. Vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir. Sadəcə, vaxtında vurulmalıdır. Xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması əks-göstərici deyil. Sadəcə, xəstəliyi keçirdiyinə görə, müəyyən qədər qoruyuculuğu var. Müəyyən vaxtdan sonra ona vaksin vurula bilər. 6 ay əvvəl xəstəlik keçirən şəxs risk qrupudursa, peyvənd olunur. Bu cür şəxslər peyvəndləmə sırasında axırıncı yerlərdədir, çünki ondan qabaqda müəyyən insanlar qrupu var ki, onlar peyvənd olunmalıdır. Yəni, xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar. İndiki məlumatlara görə, ən azı 6 ay keçməlidir ki, biz həmin şəxsi peyvəndə cəlb edək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.