REGİONLAR
Tezliklə Bərdə rayonu Məşədiibişli kənd ibtidai məktəbi üçün quraşdırılan modul tipli bina istifadəyə veriləcək
Bərdə, 4 fevral, AZƏRTAC
Bərdə rayon Məşədiibişli kənd ibtidai məktəbi üçün yeni modul tipli bina quraşdırılıb. Binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2020-ci il 8 avqust tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 şagird yerlik məktəb binası 5 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Məktəbin həyətində abadlıq işləri aparılıb, yerə asfalt döşənib. Məktəbin inventar və avadanlıqları da gətirilib. Binanın istiliklə təminatı da həll olunduqdan sonra müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.