CƏMİYYƏT


Tezliklə bazarda münasib qiymətə insulin təklif edilə bilər

Bakı, 14 noyabr, AZƏRTAC 

Diabetin müalicəsi çox baha başa gəlir, çünki insulin bazarına cəmi üç iri istehsalçı nəzarət edir. Bu bahalı preparat, xüsusən yoxsul ölkələrdə, diabet xəstələrinin çoxu üçün əlçatmazdır. Dünya Səhiyyə Təşkilatı (DST) insulin istehsalının şaxələndirilməsi üzrə pilot layihəsi elan edib.

AZƏRTAC DST-nin saytına istinadla xəbər verir ki, Ümumdünya Diabetə qarşı Mübarizə Günü ərəfəsində DST tezliklə apteklərdə daha aşağı qiymətə çoxlu insulin təklif ediləcəyini bildirib.

Xatırladaq ki, Ümumdünya Diabetə qarşı Mübarizə Günü hər il noyabrın 14-də qeyd edilir. Bu tarixin seçilməsi onunla bağlıdır ki, 1922-ci ildə Çarlz Best ilə birlikdə insulinin kəşf edilməsində həlledici rol oynamış Frederik Bantinq həmin gündə anadan olub.

İnsulin diabet xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edən əsas dərman preparatıdır. Bu gün dünya insulin bazarına nəzarət edən üç istehsalçı çoxları üçün əlçatmaz olan qiymətlər müəyyən edir. Məsələn, Qanadakı Akkra şəhərində bir diabet xəstəsi üçün aylıq insulin ehtiyatının dəyəri işçinin 5,5 günlük əməkhaqqına ekvivalentdir. Bu isə, onun aylıq gəlirinin 22 faizi deməkdir. Hətta varlı ölkələrdə də diabet xəstələri insulin qəbulunu məhdudlaşdırmağa məcburdurlar, hərçənd zəruri dozanın azaldılması ölümcül dərəcədə təhlükəli ola bilər.

DST nümayəndələri Cenevrədə keçirilən brifinqdə bildiriblər ki, bir neçə başqa əczaçılıq şirkəti insulin istehsalına başlamağa hazırdır. Bəzi şirkətlər ilkin təsnifat üçün nümunələri DST-yə təqdim ediblər.

DST-nin baş direktoru Tedros Hebreyesus deyib: “Bütün dünyada, xüsusən əhalinin gəlirləri aşağı səviyyədə olan ölkələrdə diabet xəstəliyinə tutulma halları artır. İnsulinə ehtiyacı olan adamlar çox vaxt maliyyə çətinlikləri üzündən onu ala bilmirlər və beləliklə, onların həyatı təhlükəyə məruz qalır. DST-nin insulin istehsalı barədə təşəbbüsü həyati əhəmiyyətli bu preparata ehtiyacı olan hər kəs üçün onun əlçatanlığını təmin etməyə yönəlmiş mühüm addımdır”.

DST-də ümidvar olduqlarını bildiriblər ki, digər şirkətlərin məhsulunun təsdiq edilməsi “hamı üçün bərabər şərait yaratmağa və bütün ölkələrdə insulin satışını sabitləşdirməyə” imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.