SİYASƏT
“The Daily Tribune-News of Bahrain” qəzetində Zəfər Gününə həsr olunmuş məqalə dərc olunub
Qahirə, 5 noyabr, AZƏRTAC
Bəhreynin ingilis dilində nəşr edilən “The Daily Tribune-News of Bahrain” qəzetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin müəllifi olduğu məqalədə Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Qarabağda növbəti hərbi təxribatından sonra başlayan və Şuşa şəhərinin işğaldan azad edilməsi ilə başa çatan 44 günlük döyüş əməliyyatlarının işğalçı ölkənin kapitulyasiyası ilə nəticələndiyi, şanlı Ordumuzun qısa müddətdə 300-dən artıq şəhər və kəndi düşmən tapdağından azad etdiyi diqqətə çatdırılıb.
Məqalədə qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Zəfəri erməni faşizminə son qoyub. Müəllif işğaldan azad edilmiş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər, dağıntılar haqqında da ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan ərazilərində tarixi abidələr məhv edilib, 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan ikisində isə düşmən bütün dünya müsəlmanlarının dini hisslərini təhqir edərək inək və donuz saxlayıb.
Yazıda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Azərbaycanın Qələbəsindən sonra Cənubi Qafqaz regionunda yeni reallığın yaranması barədə də ətraflı məlumat verilib.
Sonda vurğulanıb ki, Azərbaycan xalqı öz lideri İlham Əliyevin ətrafında sıx birləşərək ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə qalib gəlib. Zəfər Günündə xalqımız Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin müqəddəs ruhlarını böyük ehtiramla yad edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə