SİYASƏT
“The Globalist Malaysia” jurnalı Azərbaycan səfirinin müsahibəsini dərc edib
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibədə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi, bu müddətdə həyata keçirilən qarşılıqlı səfərlər, Malayziyadakı Azərbaycan icması, respublikamızın iqtisadi nailiyyətləri, turizm imkanları, tarixi abidələri, biznes mühiti, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq və regional layihələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, milli mətbəximiz, musiqi sənətimiz və s. barədə geniş söhbət açılıb.
Q.Allahverdiyev müsahibəsində Azərbaycan ilə Malayziya arasında 1993-cü ildə diplomatik əlaqələrin qurulmasından bu günədək yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulayıb.
Səfir Azərbaycanın ilk süni peyki – “Azerspace–1”in orbitə buraxıldığı məkanın Malayziya peyk sistemi - “Measad”dan icarəyə götürüldüyünü diqqətə çatdırıb. O, həmçinin “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Silk Way” şirkəti ilə Malayziyanın “MAS Kargo” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalandığını və bu ölkənin universitetlərində azərbaycanlı tələbələrin təhsil aldıqlarını xatırladıb.
Azərbaycanda turizm sektorunda mövcud şərait barədə məlumat verən Q.Allahverdiyev son illərdə ölkəmizdə bir sıra dünya markalı beşulduzlu mehmanxanaların açıldığını bildirib. Səfir ölkəmizdə xarici turistlərin marağını cəlb edəcək çoxlu tarixi abidələrin mövcudluğunu, Azərbaycanın rəngarəng təbiətə malik olduğunu, 2013-cü ildə respublikamıza 2 milyona yaxın turistin gəldiyini diqqətə çatdırıb.
Diplomat Malayziyadan Azərbaycana palma yağı, mebel, elektrotexnika və bir sıra digər malların idxalı üçün imkanların olduğunu vurğulayıb. İki ölkə arasında ticarət əlaqələrindən danışan səfir Azərbaycanda münasib biznes mühitinin yaradıldığını, neft və qaz sektoruna böyük həcmdə investisiyaların qoyulduğunu qeyd edib. Ölkəmizdə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli enerji layihələrindən söhbət açan Q.Abdullayev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətindən danışıb, neft-qaz sahəsində Malayziyanın “PETRONAS” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlığın qurulması üçün münasib zəminin olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandıran səfir problemin tarixi, ermənilərin müxtəlif dövrlərdə süni şəkildə Azərbaycan ərazilərinə, xüsusilə də Qarabağ zonasına yerləşdirildiyini bildirib. O, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, münaqişə ilə bağlı beynəlxalq qurumlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qətnamələrin qəbul edildiyini söyləyib. Diplomat işğalın pislənildiyi bu qətnamələrdə Ermənistandan Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsinin tələb olunduğunu diqqətə çatdırıb. Səfir Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq qətnamələrin qəbul olunmasında ölkəmizə göstərdiyi dəstəyə görə Malayziya tərəfinə təşəkkür edib.
Müsahibədə, həmçinin milli musiqi mədəniyyətimiz, opera və muğam sənətinin inkişafı, folklor sənəti nümunələri barədə oxuculara ətraflı məlumat verilib.