“The Japan Times”: Yaponiya səsdəniti uçan bombalar hazırlayacaq
AzerTAg.az

Tokio, 28 sentyabr, AZƏRTAC
Yaponiya Müdafiə Nazirliyi yüksək sürətlə uzaq məsafədəki hədəfləri vurmaq üçün səsdəniti uçan bomba hazırlayacaq.
AZƏRTAC “The Japan Times” qəzetinə istinadla xəbər verir ki, yeni silahların 2026-cı ildə cəbbəxanaya daxil edilməsi planlaşdırılır. Bu da əvvəlcə nəzərdə tutulduğundan 7 il tezdir.
Uçan bombalar raketlərin uc hissəsi kimi havaya buraxılaraq, ondan yalnız çox böyük yüksəklikdə ayrılacaq. Mütəxəssislərin qənaətinə görə, həmin bomba hədəfə səsdəniti sürətlə yaxınlaşacaq ki, bu da onun vurulmasını çətinləşdirəcək.
Səsdəniti uçan bomba ilə təchiz olunacaq raketlər yerdə yerləşəcək mobil qurğulardan buraxılacaq. Bu raketlərin uçma məsafəsi barədə məlumat verilməsə də, qəzet onların çox uzağa uçacağını bildirir. Bu, həmin silahın hücum məqsədilə istifadə oluna bilinəcəyini deməyə əsas verir ki, qəzet də bunun ölkə Konstitusiyasına uyğun olmadığını bildirir.
Səsdəniti uçan bombaların, ilk növbədə, Şərqi Çin dənizindəki adalarda yerləşdirilməsi planlaşdırılır. Tokio bunun Pekin ilə münasibətləri gərginləşdirəcəyini istisna etməsə də, həmin raketlər məhz mübahisəli Senkaku adalarının müdafiəsi üçün nəzərdə tutulur. Həmin bombalarla yanaşı, Tokio səsdəniti qanadlı raketlərin hazırlanmasına da başlayıb.
Avqustun sonlarında Yaponiya Müdafiə Nazirliyi növbəti maliyyə ili üçün 5,29 trilyon yeni (təqribən 48,1 milyard dollar) büdcə sorğusu verməyi planlaşdırdığını bəyan edib. Bu, cari maliyyə ilindəkindən təqribən 2 faiz çoxdur. Həmin vəsaitin, ilk növbədə, ABŞ-a məxsus yerüstü “Aegis Ashore” raketdən müdafiə komleksinin alınmasına sərf ediləcəyi nəzərdə tutulur.
Yeni büdcə vəsaitinin, həmçinin Yaponiyanın ABŞ ilə birgə hazırladığı yeni SM-3 Block 2A raketlərinin alınmasına sərf edilməsi də planlaşdırılır. Bundan əlavə, Müdafiə Nazirliyi beşinci nəsil F-35A qırıcı-bombardmançı təyyarələr almağı da nəzərdə tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var