SİYASƏT
“The Jewish Journal” nəşri Qarabağ atlarından yazır
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı soyqırımının şahidi, həmin qanlı qırğından möcüzə nəticəsində sağ çıxmış Dürdanə Ağayevanın “Əvəzolunmazlar: Qarabağ müharibəsi əfsanəvi cinsin mövcudluğunu təhlükə altına necə qoydu” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Qarabağ atı cinsindən və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bu cinsin mövcudluğu üçün yaranan təhlükədən danışılır.
Müəllif yazır ki, doğma şəhəri Xocalı 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və indiyədək işğal altındadır. Bu gün Azərbaycanda çoxlu sayda qaçqın var. Ermənistan silahlı qüvvələrinin təzyiqi altında 800 min sakin Azərbaycanın Qarabağ bölgəsindən didərgin düşüb. Qarabağ atlarının gözəlliyini təsvir edən D.Ağayeva yazır ki, o, təsəvvürünə belə gətirə bilməzdi ki, günlərin birində Qarabağ atı cinsi yox olmaq təhlükəsi ilə qarşılaşa bilər.
Xocalı qırğınının şahidi qeyd edir ki, erməni işğalçıları Azərbaycan ərazisində heç kimə aman vermədilər. Uşaqlar, qocalar, evlər və məscidlər, qəbiristanlıqlar, hətta mal-qara, vəhşi heyvanlar belə məhv edildi. Müəyyən miqdarda Qarabağ qaçağanı xilas edilərək bir şəhərdən digərinə köçürülsə də, onların əksəriyyəti öyrəşdikləri otlaqlarsız yaşaya bilməyib və tələf olub. Bu isə müvafiq cinsin repopulyasiyasını çətinləşdirir. Azərbaycan hökuməti Qarabağ atı cinsinin qorunub saxlanması üçün proqram həyata keçirsə də, təbii yaşayış mühitinin əlçatmaz olması populyasiyanı ləngidir.
Müəllif məqalənin sonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün dünya dövlətlərinin birgə səy göstərəcəyinə ümid bəslədiyini ifadə edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton