SİYASƏT
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
Pekin, 11 iyun, AZƏRTAC
Cənubi Koreyanın nüfuzlu “The Korea Post” qəzeti AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov da daxil olmaqla, 3 nəfərin ölümünə səbəb olan Kəlbəcərdəki mina partlayışı hadisəsi haqqında məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Seuldakı səfirliyinin təqdim etdiyi materiallar əsasında hazırlanan məqalədə iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində 2 jurnalistin, habelə yerli icra nümayəndəsinin öldüyü, 4 nəfər isə yaralandığı bildirilib.
Qeyd olunub ki, Kəlbəcərdə baş verən son hadisə bu ərazidəki minaların Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində Ermənistan tərəfindən məqsədli şəkildə yerləşdirildiyini bir daha göstərir. Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədyönlü olaraq kütləvi şəkildə minalar basdırmasının məqsədi Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır. Mülki azərbaycanlıların vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Məqalədə bir müddət əvvəl Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılması barədə məlumat verilib. Qeyd edilib ki, bu, bir daha Ermənistan tərəfinin həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhdid yaratmaqda davam etdiyini, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət göstərdiyini nümayiş etdirir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olaraq qalır.
Vurğulanıb ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə mina yerləşdirmə siyasətinə göz yummamağa, Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməyə çağırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin