İQTİSADİYYAT


“The National Interest” jurnalında Cənub qaz dəhlizinin əhəmiyyəti və Transxəzər qaz kəmərinin imkanları barədə məqalə dərc edilib

Vaşinqton, 22 may, AZƏRTAC

Amerikada çıxan “The National Interest” jurnalında “İrs Fondu” yanında Ellison adına Xarici Siyasi Araşdırmalar Mərkəzinin direktoru Lyuk Koffinin və Vaşinqtondakı Xəzər Siyasi Mərkəzinin direktoru Əfqan Niftinin məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Transxəzər qaz kəmərinin imkanlarından bəhs edilir. Müəlliflər yazırlar ki, Cənubi Qafqazda birinci enerji boru kəməri hələ 1906-cı ildə fəaliyyətə başlayıb. Xəzər dənizi sahilindəki Bakı limanını Qara dənizdən Batumi limanı ilə birləşdirən həmin boru kəməri layihəsi üçün istifadə edilmiş borular Mariupolda (Ukrayna) hazırlanırdı. Bu fakt geniş bir regionda mövcud olmuş və hələ də üstünlük təşkil edən qarşılıqlı əlaqələrin möhkəmliyinə sübutdur.

Müəlliflər yazırlar ki, diametri cəmi 20 santimetr olan həmin boru kəmərindən ağ neftin nəql edilməsi üçün istifadə olunurdu. İndi, o vaxtdan bir əsrdən çox keçəndən sonra həmin boru kəmərinin əvəzinə Orta Asiyanı Avropa ilə birləşdirən müasir qaz və neft kəmərləri şəbəkəsi qurulub. Lakin regionda istifadəyə verilmiş və hələ tikilməkdə olan bütün boru kəmərlərini nəzərə aldıqda belə, daha bir mühüm tərkib hissə çatışmır. Transxəzər qaz kəməri təbii qazın Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil.

Transxəzər boru kəməri Avropanın enerji landşaftını dəyişə bilər. Son hesablamalara görə, Xəzər regionunda 292 trilyon kub fut təbii qaz var. Bu, o deməkdir ki, Xəzər regionu dünyada ən zəngin ehtiyatlara malik olan regiondur. Azərbaycan 2018-ci ilin ortalarında Transanadolu boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə qaz nəql etməyə başlayıb və gələn il Transadriatik qaz kəməri vasitəsilə İtaliyaya nəql etməyə başlayacaq. Cənub Qaz Dəhlizinin layihə gücünün 31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, gələcək Transxəzər qaz kəmərindən qaz nəqlini daha da artırmaq mümkün olacaq. Transxəzər qaz kəməri Avropa ölkələrinin digər təchizatçıların inhisarından asılılığını da azalda bilər. Üstəlik, keçən il beş Xəzəryanı ölkə tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya boru kəmərlərini yalnız layihədə iştirak edən ölkələrin razılığı ilə çəkməyə imkan verir, bu da öz növbəsində yeni imkanlar yaradır.

Lakin Koffi və Niftinin fikrincə, Transxəzər boru kəmərini inşa etməzdən əvvəl Bakı və Aşqabad Xəzər dənizində Azərbaycanın və Türkmənistanın offşor yataqları arasında interkonnektor tikilməsi məsələsini həll etməlidirlər. Gələcəkdə interkonnektorlardan istifadə etməklə Qazaxıstanın qaz yataqlarının da bu kəmərə qoşulması variantları öyrənilməlidir, çünki Qazaxıstanın bəzi yataqları kommersiya baxımından rentabelli sayıla bilməz, onlar kifayət qədər yaxın yerləşir.

Türkmənistanın və Azərbaycanın mövcud qaz yataqlarını birləşdirən interkonnektorun uzunluğu cəmi 60 mil olacaq və onun tikintisinə cəmi 500 milyon dollar xərc çəkmək lazım gələrdi. Müqayisə üçün bildirək ki, bütün Transxəzər boru kəmərinin tikintisinə təqribən 1,5 milyard dollar lazım gələcək. İnterkonnektorun olması Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə şərait yaradan böyük nailiyyət olardı.

Transxəzər boru kəmərinin tikintisinin başa çatdırılması Birləşmiş Ştatlar üçün də bir sıra üstünlüklər yaradacaq. Maraqlıdır ki, Tramp administrasiyasının bəzi nümayəndələri bu faktı indidən etiraf edirlər. Prezident Tramp bu yaxınlarda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova Novruz bayramı münasibətilə göndərdiyi məktubundan yazırdı: “Ümidvaram ki, Türkmənistan bu yaxınlarda Xəzər dənizinin hüquqi statusu müəyyən ediləndən sonra Qərbə qaz ixracı üçün yaranmış yeni imkanlardan istifadə edə biləcək”. Transxəzər boru kəmərinin Birləşmiş Ştatlar üçün ən aşkar üstünlüyü ondan ibarətdir ki, bu kəmər Avropanın enerji təhlükəsizliyini artıracaq.

Koffi və Nifti öz məqalələrinin sonunda yazırlar ki, Tramp Administrasiyası Cənub Qaz Dəhlizi və Transxəzər boru kəməri kimi alternativ mənbələrdən qaz təchizatı layihələrinin həyata keçirilməsini dəstəkləməlidir. Tramp Administrasiyası bu məsələdə 1990-cı illərdə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin reallaşması məsələsində Bill Klinton administrasiyasının nümayiş etdirdiyi kimi qətiyyətli olmalıdır.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.