ELM VƏ TƏHSİL
“Thomson Reuters” agentliyinin nümayəndəsi AMEA-nın Naxçıvan Bölməsində olub
Bakı, 19 oktyabr, AZƏRTAC
Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” agentliyinin elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bölmənin sədri, akademik İsmayıl Hacıyev qonağa bölmənin fəaliyyət istiqamətləri barədə məlumat verib. Akademik bölmənin müxtəlif institutlarında aparılan elmi-tədqiqat işlərində dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın bütün sahələri üzrə araşdırmaların aparıldığını, alimlər tərəfindən regionun tarixinin, mədəniyyətinin beynəlxalq səviyyədə tədqiq olunduğunu vurğulayıb.
Naxçıvan Bölməsi ilə tanışlıqdan məmnun olduğunu bildirən V.Boqorov bu elm müəssisəsində görülən işləri yüksək dəyərləndirib. O deyib ki, təmsil etdiyi qurum alimlərin dünyanın nüfuzlu elmi jurnalları bazasından istifadəsi üçün geniş imkanlar yaradır.
Görüşdə AMEA-nın Naxçıvan Bölməsi ilə beynəlxalq agentlik arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Daha sonra qonaq bölmə əməkdaşlarının müxtəlif illərdə çap etdirdikləri elmi əsərlərdən ibarət sərgi ilə tanış olub.